AZ    RU    EN

   
    Ana səhifə            Forum            Keçidlər            Haqqımızda            Bloqqerler            Əlaqə          

        

 
 

Facebook/karabakhblog
 
 Fotoqalereya

Şuşa (işğala qədər)

Təbiət

Xəritələr

Şuşa (işğala qədər)

Abidələr

digər şəkillər

 

 

 

 

 

 

 

 

 

twitter.com/karabakhblog
 
 

 
Kərim Kərimli - xatirə
25.09.2009, 02:43

KƏRİM KƏRİMLİ - XATİRƏ

Azərbaycanın Milli Qəhrəmanı, jurnalist həmkarımız Salatın Əsgərovanın əziz xatirəsinə həsr olunur…

…Salatın Əsgərovanın ölüm xəbəri ildırım sürəti ilə bütün Şuşaya, oradan da bütün ölkəyə və bütün dünyaya yayıldı.

Salatın xanımla biz əvvəllər heç tanış deyildik. Mən onun yalnız imzasını tanıyırdım. Şuşaya gəldiyi zaman biz onunla görüşdük, tanış olduq və mən onun xidməti işinin lazımi səviyyədə yerinə yetirilməsi ilə əlaqədar bəzi xahişlərini həyata keçirdim.

Şuşadan Laçına gedəndən bir gün qabaq da biz görüşmüş və söhbət edə-edə bir az gəzişmiş, sonra da birlikdə Bazar başına gəlmişdik. Orada da bir az ayaq üstə söhbət etdikdən sonra vidalaşmışdıq.

Mən ondan Laçına getməməyi xahiş etməmişdim. Lakin məsləhət də bilməmişdim. Bəzi tövsiyələr vermişdim. O, jurnalist kimi məndən təcrübəli və yaşca da ( iki yaş ) böyük olsa da o yerlərə və yerli şəraitə mən ondan, təbii ki, daha yaxşı bələd idim. Terrorçu qrupların da heç nəyə baxmadan, qadın, uşaq, qoca, xəstə, yaralı, jurnalist, həkim… demədən, fərqinə varmadan qanına qəltan etdiklərinin şahidi olmuşdum və bilirdim ki, bu bir reallıqdır. Şuşaya kənardan gələn təpərli jurnalistlər, adətən, buna inanmaq istəmirdilər. Bizim sözümüzə də bəzən baxmırdılar. Belə faciəli taleni yaşayanlardan biri də o vaxtlar Kərkicahanda erməni yaraqlıları tərəfindən güllələnən “ Mayak” radiostansiyasının müxbiri Leonid Lazareviç olmuşdu.

…Salatın Əsgərova Laçından Şuşaya yanvarın 9-u səhr vaxtı qayıdırdı. Onu Şuşaya gətirən “UAZ” markalı hərbi avtomobilin sürücüsü, onu müşayiət edən və səki-səki, təhlükəsizliyini təmin etməyi öz üzərinə götürmüş podpolkovnik İllarionov və daha bir mayor rütbəli rus hərbçisi də onunla birlikdə öldürülmüşdü.

…Biz hadisə yerinə birinci gələnlərdən idik. O zaman Salatın xanımın qətlə yetirilmiş vəziyyətdə ilk şəkillərini və eləcə də üzərində 17 güllə deşiyi aşkar görünən “UAZ”ın ilk fotolarını da mən çəkmişdim. Onun jurnalist Salatın Əsgərova olduğunu isə birinci şair dostum Akif Məftun Tofiqoğlu aşkar etmişdi. Çünki Salatın xanımı güllələrdən qorumaq məqsədi ilə qucaqlayıb, aşağıya çəkən rus zabiti ilə birlikdə insanın inanmayacağı qədər dar olan bir yerə - iki oturacağın arasına pərçim olunmuş iki nəfərin kim olduğunu ayırd etmək mümkün deyildi. Onlardan birinin qadın olduğu bilinsə də, sifəti görünmədiyindən kimliyi bəlli deyildi.

Akif müəllim qadının çantasını birinci açaraq, oradan vəsiqəsini götürüb, baxmış, onun “ Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı Salatın Əsgərova olduğunu bilərək, bu məlumatı və vəsiqəni Şuşa rayonunun o zamankı prokuroru Ələddin Ələsgərova vermişdi.

…Salatın xanımın meyiti Şuşa rayon Mərkəzi Xəstəxanasnın “morq”una gətirildi. Çox qısa bir müddət ərzində rus hərbçilərinin meyitləri bütün müvafiq prosedur qaydalara əməl edilərək, hazırlanıb, “QAZ – 66” markalı yük maşınına mindirilərək, bölgədə olan rus hərbi birləşmələrinin rəhbərlərinə təhvil verildi. Onlar isə həmkarlarının cənazələrini öz vətənlərinə yola saldılar.

…Çox güman ki, rus hərbçilərinin tabutları artıq öz vətənlərinə çatmışdı, dəfn olunmuşdu, amma Azərbaycan vətəndaşı (baxmayaraq ki, o vaxt hələ müstəqil dövlət deyildik), Bakida çıxan dövlət qəzetlərindən bitrinin müxbiri, azərbaycanlı qadın Salatın Əsgərovanın meyiti isə hələ də Şuşanın “morq”unda şişməkdə və iylənməkdə davam edirdi.

… Mən işlətdiyim bu iki sözə - “şişmək” və “iylənmək” sözlərinə görə, bu sözlər təhqiramiz səsləndiyinə görə oxuculardan, Salatın xanımın doğmalarından və ruhundan üzr istəyirəm. Ancaq, nə edə bilərəm ki, bu yazdıqlarım çılpaq olsa da həqiqətdir.

Salatın Əsgərovanın meyiti əvvəlcə “morq”un kiçik, yararsız, qapı – pəncərəsi sınıq və çirkli bir otağında yerə atılmışdı. Biz zorla otağa daxil olub, xanımın eybəcərləşməkdə olan meyitini qaldırıb iri stolun üzərinə qoyduq. Meyitin niyə saxlanıldığını, niyə Bakıya göndərilmədiyini soruşduqda və bunu tələb etdikdə izah edirdilər ki, tibbi ekspertiza aparılmalıdır, meyit yarılmalıdır, sonra müsəlman qaydası ilə məscidə aparılmalıdır, yuyulmalıdır… və s. və i. a. bəhanələr… Lakin bizim bütün təkid və tələblərimizə baxmayaraq, meyit 2 gün “morq”da qaldı. Yaxşı ki, qış idi və…

... AXC Şuşa şöbəsinin rəhbərliy toplaşıb məsələni müzakirə etdi. Qərar birmənalı və yekdil idi:Salatın Əsgərovanın cənazəsinin hazırlanması və Bakıya aparılmasının təşkil edilməsi məsuliyyətini şöbə öz üzərinə götürdü. AXC Şuşa şöbəsinin şəhərin mərkəzində olan qərargahından, şəhərin kənarında yerləşən xəstəxanayadək adamların sayı - hesabı yox idi. Əhali bizi müdafiə etdi. Salatın xanımın meyiti “morq”dan məscidə gətirildi. Bütün qayda-qanuna uyğun olaraq, vacib əməllər yerinə yetirildikdən sonra tabut vida üçün Bazar başına gətirildi.

İndi qalırdı Salatın Əsgərovanın cənazəsini Şuşadan Ağdama aparmaq.Bu o qədər də asan məsələ deyildi. Yollarda rus hərbçilərinin keşik çəkdiyi postlar olsa da əslində Xankəndinin aşağı hissəsindəki Ağa körpüsündən Ağdamın Qarağacı qəbristanlığınadək ( Xocalı istisna olmaqla ) bütün yol ermənilərin nəzarətində idi. Ruslar da ki, oniarla əlbir idi. Digər tərəfdən, bizə məlum idi ki, Salatının meyitinin Şuşada ləngiməsində ermənilər də maraqlıdır. Bu məsələdə Azərbaycan hökuməti ilə Azərbaycana qarşı terror müharibəsi aparan erməni qruplaşmalarının fikri üst-üstə düşürdü.

Məsələ burasında idi ki, Azərbaycanın o zamankı rəhbərliyi Salatın Əsgərovanın meyitinin Bakıya hay-küylə gətirilməsinin əleyhinə idi. Mümkün qədər onun Şuşada ləngidilməsini istəyir, mümkün olsa, heç gətirilməməsinə, olmasa, bunun çox sakit bir şəkildə edilməsinə çalışırdı. Paytaxtda gərginlik hökm sürür, mitinq isə artıq başlamışdı.

Ermənilərin də marağında idi ki, Salatının öldürülməsi hadisəsi səs-küysüz ötüşsün. Jurnalistin rus həbçiləri ilə birlikdə yolu kəsilərək öldürülməsi erməni terrorçu qruplarını ifşa edirdi. Jurnalistin öldürülməsi ermənilərin guya “ müstəqillik uğrunda, milli müqəddəratın təyin edilməsi” uğrunda apardıqları “ mübarizə”nin iç üzünü açır, əslində bunun bir separatizm və Ermənistanın ərazi iddiasından başqa bir şey olmadığını sübut edirdi. ...Və bu çirkin məqsədə çatmağın da əsas yolu, vasitəsi kimi terror, diversiya, qətl və millətlərarası münasibətlərə ağır zərbə vuraraq, vətəndaş müharibəsi törətməyi seçdiklərini göstərirdi. Azərbaycan hökuməti isə hadisəni beynəlxalq aləmə car çəkərək, cinayəti və cinayətkarları, terroru və terrorçuları,eləcə də onları himayə edənləri ittiham etmək əvəzinə, ölkə ictimaiyyətindən də gizlədirdi.

...Salatın xanımın meyitini Şuşadan Ağdama necə keçirməli?

Biz o zaman Şuşa rayon Daxili İşlər şöbəsinin rəis müavini işləyən, polis kapitanı, cəsur insan və peşəkar polis işçisi olan rəhmətlik Eldəniz Quliyevə müraciət etdik. ( Təəssüf ki, Eldəniz Quliyev 19994-cü ildə Şuşa rayon Polis Şöbəsinin rəisi işləyən vaxt Zaqatala- Balakən bölgəsində cinayətkarlar tərəfindən qətlə yetirildi.) Eldəniz müəllim şöbənin qorxmaz əməkdaşlarından ibarət bir silahlı dəstə ilə bizi Ağdamadək müşayiət etməyə razılıq verdi. Tabutu çox cəsur və igid bir cavan oğlan olan, sonralar da Şuşanın müdsfiəsində ad çıxaran və çox təəssüf ki, Şuşanın işğalından iki il sonra Bakıda avtomobil qəzasında həlak olan Gülağa Ağayevin idarə etdiyi, rayon mədəniyyət şöbəsinə məxsus “Kuban” markalı avtokluba mindirdik. Salatın Əsgərovanın tabutunun Bakıya keçirilməsinə mane olmaq barədə Bakının, Stepanakertin rəhbərliyinin, Ağa körpüsündən Ağdamın Qarağacı qəbiristanlığınadək Şuşa – Ağdam yoluna nəzarət edən rus hərbçilərinin və Şuşadakı bəzi rəhbər işçilərin fikirləri üst-üstə düşürdü. Ona görə də cənazə olan avtoklubdan Şuşa ilə Xankəndi arasındakı Ağa körpüsündən Ağdamla Əsgəran arasında yerləşən Qarağacı qəbiristanlığındakı postadək olan yolu çox çətinliklə keçə bildik. Düz üç dəfə ermənilər maşınımıza hücum etdilər və hər dəfə də Eldəniz Quliyevin rəhbərliyi ilə Şuşa polislərindən və bir neçə nəfər də bizim könüllülərdən ibarət silahlı dəstə atışa- atışa bizim maşının Ağdama sağ- salamat çatmasını təmin edə bildi. Ağdamda bizi müşayiət edən silahlı dəstə bizimlə vidalaşıb geri qayıtdı. Biz bundan sonra bir təhlükə olmayacağını düşünərək, rahatca Bakıya üz tutduq. Ağdamdan xeyli aralaşmışdıq ki,  qəflətən göydən bir vertolyot, yerdən isə DAM ( indiki DYP ) maşını bizdən avtomobili dayandırmağı tələb etdilər. Gülağa rəhmətlik maşını kənara çəkib saxladı. Milliyyətcə, çox güman ki, erməni olmayan başqa bir silahlı dəstə bizə hücum edərək, jurnalist Salatın Əsgərovanın meyitini alıb vertolyota mindirdi. Bizim “ komanda”dan heç kimi vertolyota buraxmadılar və tabutu salona qoyub uçdular.

Bundan sonra mən Bakiya getmək qərarından daşındım. Uşaqlarla vidalaşıb geriyə, Ağdama qayıtdım. Uşaqlar isə Salatın xanımın meyitini alıb aparmış vertolyotun arxasınca Bakıya üz tutdular. O zaman bizim maşını saxladan polis maşınının və vertolyotun kimə məxsusluğu və onların içində kimlərin olduğunu bilmirəm. Yadımda qalan bircə odur ki, o vaxt kimsə dedi ki, bu vertolyot Qarabağa Xalq Yardımı Komitəsinin vertolyotudur.

...Uşaqlar Bakıya yola düşdü, mən isə o zaman DQMV və Ermənistanla həmsərhəd bölgələr üzrə xüsusi müxbiri vəzifəsində çalışdığım “Qarabağ” qəzetinin Ağdamda yerləşən redaksiyasına gəldim. Bütün baş verənlər barədə böyük bir yazı yazıb, redaksiyaya təqdim etdim. Səhv etmirəmsə, gecəni Ağdamda qalıb, səhər Şuşaya qayıtdım.

...Yoldaşlarımızın Bakı səfəri də insidentsiz ötüşməmişdi. Baş verən qalmaqal barədə yoldaşlarımız Bakıdan Şuşaya qayıtdıqdan sonra ətraflı danışdılar.

Əhvalat belə olmuşdu:

Göydən qəfil peyda olan dəmir qanadlı nəhəng “quş” Salatın Əsgərovanın cənazəsini bizdən alıb uçandan və mən də düşüb Ağdama qayıtdıqdan sonra bizim maşını rəhmətlik Gülağa çox böyük sürətlə sürərək Bakıda davam edən mitinqə çatdıra bilmişdi. Mitinqdə rəhmətlik Ramiz Qənbərov da çıxış etmək istəmişdi, lakin mitinqi idarə edən Azərbaycan komsomolunun lideri ona söz verməmişdi. Çox təkid etsələr də, məqsədlərinə nail ola bilmədiklərini gördükdə, Gülağa birtəhər tribunaya qalxmış və bıçağı çıxararaq, mitinqi idarə edənin “ boş böyrünə” dirəyərək, Ramiz Qənbərova söz verilməsini tələb etmişdi. Lider “çəm-xəm” eləmək istəyəndə, Gülağa sakitcə, təmkinlə, lakin ötkəmcəsinə demişdi: “ Əgər indi, bu dəqiqə Ramiz Qənbərova söz verməsən, bərindən soxacam, o tərəfindən çıxacaq.”

Canının qorxusundan əsməcə tutan həmin şəxs dərhal Ramiz Qənbərovu tribunaya dəvət edərək, mikrofonu ona vermişdi. Sonralar Şuşa ətrafında qəhrəmancasına həlak olan və Azərbaycan prezidentinin müvafiq fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş, AXC Şuşa şöbəsinin sədri, AXC Şuşa Könüllülər Batalyonunun komandiri Ramiz Qənbərov isə Salatın Əsgərovanın qətli, meyitinin Şuşada gizlədilməsi və vertolyot tərəfindən “müsadirə” edilməsi barədə həqiqətləri mitinqdə söyləyərək, məmurları ifşa etmişdi. Bundan sonra mitinq iştirakçıları da xeyli hiddətlənmişdilər. Orada iştirak edənlərin dediyinə görə, Ramizin çıxışından bərk əsəbiləşən QXYK-nin rəhbərlərindən biri ona hücum edərək, yaxasından və şərfindən tutaraq, demişdi : “ Bax, bu paltonu da, bu şərfi də sənə mən vermişəm, mənim pulumla almısan!”  Bu sözlərlə o, QXYK –nin Şuşaya göstərdiyi yardımları Ramizin “başına qaxaraq”, töhmət eləmişdi. Ramiz isə özünəməxsus şuşalı yumoru ilə gülə-gülə demişdi ki, müəllim, papamın – Sizin canınız üşün, bu palto kiçik qardaşım İlyasın, bu şərf isə böyük qardaşım Eyvazındır. Onlara da bunları Sizin aldığınızdan mənim xəbərim yoxdur.

...Bu həqiqətən də belə idi. O zaman başı ictimai işlərə çox bərk qarışdığından, özü haqqında düşünməyə belə macal tapmayan Ramizin də bir normal üst paltarı yox idi . Və Bakıya yola düşmək lazım olanda o, bizim gözümüzün qarşısında kiçik qardaşı rəhmətlik İlyasın ( bir neçə il bundan əvvəl o da Bakıda vəfat elədi) o zaman dəbdə olan “yoloçnu” paltosunu və böyük qardaşı Eyvazın “maxrovı” şərfini alıb geymişdi ki, soyuqda Bakıya gedib- gələ bilsin...

Salatın Əsgərova Bakıda Şəhidlər Xiyabanında dəfn edildi və Azərbaycan prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü...

Salatın Əsgərovanın adının və xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda başqa tədbirlər də hayata keçirilib. O zaman Şuşada da belə addımlar atılmışdı. Onun qətlə yetirildiyi yerin yaxınlığındakı kəndin adı dəyişdirilərək, Salatınkənd adlandırılmışdı.

Keçmiş Yeğsahoğ kəndi Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan,sovet dövründə süni şəkildə ermənilərlə məskunlaşdırılmiş Qaladərəsi, Böyük Qaladərəsi, Daşaltı, on verst və Yeğsahoğ adlanan beş kənddən biridir. Bu kəndlərin hər birində tarixən azərbaycanlılar yaşamış, sonralar süni şəkildə erməniləşdirilmiş, sonuncu azərbaycanlılar isə həmin kəndlərdən, o cümlədən, Yeğsahoğdan 1988-ci ildə, növbəti münaqişə başlayanda, Azərbaycan hökumətinin gözləri qarşısında çıxarılmışdı. Salatın Əsgərova 1991-ci il yanvar ayının 9-da həmin kəndin yaxınlığında qətlə yetiriləndən 4 ay sonra o kəndlər terrorçu-diversant qruplarından təmizlənərkən, Salatın xanımı və rus hərbçilərini qətlə yetirən qrup da ifşa edilərək həbs olundu. Mən onların istintaqı zamanı prosesi bir jurnalist kimi yaxından izləmişəm. Bu yazını yazarkən, təəssüf ki, onlardan yalnız birinin- Qraçik Petrosyanın adını xatırlayıram... Terrorçu qrup həbs edildi və Bakıda mühakimə olundu. Onların demək olar ki, hamısı həmin kəndin sakinləri idi...

Həmin kəndlər erməni terrorçu qruplarından azad ediləndən sonra bizim Yeğsahoğun adının dəyişdirilərək, Salatınkənd adlandırılması təşəbbüsümüzü Şuşa rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Mikayıl Gözəlov məmnuniyyətlə qarşıladı. Bu barədə rayon XDS İK-nin qərarı verildi. Tez bir zamanda Şuşa – Laçın yolundan kəndə dönən istiqaməti göstərən ayrıcda, yolun hər iki tərəfində üzərində “Salatınkənd” yazılmış iki iri plakat quraşdırıldı. Həmin plakatları bizim sifarişimizlə o zaman AXC Şuşa şöbəsinin fəallarından olan, hazırda isə Şuşa rayon İcra Hakimiyyəti başçısınınm aparatında işləyən, rəssam Azəri Hacısamlı özü şəxsən hazırlamışdı və yazmışdı. Biz bu təşəbbüslə həm qəfil terrorçu gülləsinə tuş gəlmiş, peşə borcunu yerinə yetirərkən qətlə yetirilmiş bir jurnalistin adını əbədiləşdirmək, eyni zamanda, məhz onun adını o kəndə verməklə, harada, nə zaman, niyə və kim tərəfindən qətlə yetirildiyini diqqətdə saxlamaq istəyirdik.

Sonralar həmin kəndə yeni yol çəkildi, bəzi abadlıq işləri aparıldı. Qarabağın, Şuşanın müdafiəsində qəhrəmanlıq göstərmiş, heyf ki, Şuşanın işğalından sonra avtomobil qəzasında həlak olmuş Tahir Məmmədov həmin kəndin, artıq Salatınkənd adlanan kəndin sovet sədri seçildi. Və böyük enerji ilə işlədi.

Amma, Şuşanın işğalı bu işləri də yarımçıq qoydu...

Təəssüf ki, “Salatınkənd” kağız üzərində də uzun ömür yaşaya bilmədi. Təxminən dörd il bundan əvvəl Şuşa rayonunun o zamankı rəhbərliyinin təşəbbüsü ilə kəndin kağız üzərindəki adı dəyişdirilərək, “Sarıbaba” qoyulub. Bu qərarın səbəbini bilmirəm. Ancaq, onu deyə bilərəm ki, heç də xoş məramdan irəli gəlməıyib. Bu təşəbbüsü irəli sürən və belə qərara imza atan adamı isə, heç , ümumiyyətlə, xoşməramlı adam adlandırmaq olmaz. “Sarıbaba” isə Şuşanın başı üzərində, Şuşa ilə Laçın arasında, həmin kəndin yaxınlığında ucalan dağın adıdır. Görünür “Salatınkənd” adını ləğv etdikdən sonra özlərini çox da çətinə salmamaq üçün fikirləşiblər ki, “Sarıbaba yaxşıdır.”

Mənim isə inandığım bir həqiqət var! Gün gələcək biz Şuşadan Laçına gedən yoldan ayrılıb qıvrıla-qıvrıla yaxınlıqdakı dağların qoynuna qalxan kənd yolunun  başlanğıcında yenidən iri hərflərlə “SALATINKƏND” yazacağıq.

 

 


Əlaqəli linklər

   

Oxunub: 228     Məqalənin çapı
         

 
 


Şərhlər
  • Şərh yoxdur  
  Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 
 
 
SON XƏBƏRLƏR  
08.09.2010
 ATƏT-in Minsk Qrupunun həmsədrləri Ağdərə istiqamətində qoşunların təmas xəttinin qarşı tərəfinə keçiblər
08.09.2010
 Rene van der Linden: “Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe nümayiş etdirir”
08.09.2010
 ATƏT-in Minsk Qrupunun həmsədrləri təmas xəttindədirlər
07.09.2010
 Bernar Fasie: “Dünənki bəyanatımızda tərəflərə dekabra kimi nəzərə tutulan görüşlərin proqramını təklif etmişik”
07.09.2010
 “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə layihəsinin müzakirəsinin vaxtı dəyişdirilib
07.09.2010
 ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs pozuntularını qətiyyətlə pisləyib
07.09.2010
 ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Azərbaycana gəlib
07.09.2010
 Piter Semnebi: “Məcburi köçkün problemi Cənubi Qafqazda, strateji regionda gedən proseslərə ciddi maneədir”
06.09.2010
 Bayram Səfərov: “Cəbhə xəttində atəşkəsin pozulması bir daha Ermənistanın işğalçılıq mahiyyətindən xəbər verir”
06.09.2010
 ATƏT-in Minsk Qrupunun həmsədrləri qoşunların təmas xəttində baş verən silahlı insidentlərə münasibət bildiriblər
Digər xəbərlər
 
 
 
 
 
 

Youtube/Karabakhblog
 
 Videolar

 
 
 
 

 
 

 
 
 
 
 
 

 

 

Copyright 2009 karabakhblog.com. All rights reserved.
Powered by NextPoint LLC

Rambler's Top100