03.09.2009, 04:05
Türkiyə və Ermənistan arasında paraflanan diplomatik əlaqələrin qurulması və ikitərəfli əlaqələrin inkişafına dair 2 protokol Türkiyənin ana müxalifəti – Cümhuriyyət Xalq Partiyasının Mərkəzi İdarəetmə Şurasının iclasında müzakirə edilib.APA-nın Cümhuriyyət Xalq Partiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda çıxış edən partiya lideri Dəniz Baykal bildirib ki, protokollarda Türkiyənin atacağı addımlara dair yazılı öhdəliklər əksini tapsa da, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi haqqında öhdəlik yoxdur. O, baş nazir Rəcəb Tayyib Ərdoğanın mayın 13-də Azərbaycan parlamentindəki çıxışında Dağlıq Qarabağın işğalı sona yetməyənə qədər Ermənistanla sərhədlərin açılmayacağını dediyini xatırladıb: “Amma indi paraflanan protokollarla sərhədin açılmasını qəbul edirlər. Ermənistan isə işğal etdiyi torpaqlardan çəkiləcəyinə dair heç bir təminat vermir”.
D. Baykal sərhədi açmaq üçün ikitərəfli razılaşmalara ehtiyac olmadığını da söyləyib: “Sərhədi 1993-cü ildə Türkiyə hökuməti bağlayıb. Bu gün istəsək, sərhədi aça bilərik. Ermənistanın güzəştə getdiyini deyirlər. Ermənistanın güzəşti kimi göstərilən məqamların praktikada heç bir əhəmiyyəti yoxdur. Önəmli olan bu deyil, bizim güzəştlərimizdir. Nəyin müqabilində bu güzəştlərə getdiyimiz bəlli deyil”.
D. Baykal bəyan edib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsə, Cümhuriyyət Xalq Partiyasının protokolların lehinə səs verməsi mümkün deyil.
Bakı – APA.