karabakhblog.com - http://karabakhblog.com
Novruz Məmmədov: “Bu münasibətdən sonra Ermənistan daha da qanadlanacaq, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe nümayiş etdirməyəcək”
http://karabakhblog.com/articles/665/1/
Dərc olunub 05.03.2010, 19:08
 
Novruz Məmmədov: “Bu münasibətdən sonra Ermənistan daha da qanadlanacaq, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe nümayiş etdirməyəcək”

“ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi çox geniş, ətraflı, sanki tamaşa kimi müzakirələr apararaq, müxtəlif formalarda səsvermə təşkil edərək, qondarma erməni soyqırımını komitə səviyyəsində tanıdı”. Bu sözləri APA-ya eksklüziv müsahibəsində Azərbaycan Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ Konqresinin komitəsində qondarma “erməni soyqırımı” ilə bağlı qətnamənin qəbuluna münasibət bildirərkən deyib.  

 “Biz bunu ədalətli qərar, ədalətli mövqe hesab etmirik, bu qərarı pisləyirik” söyləyən şöbə müdiri belə bir addımın təəssüf doğurduğunu vurğulayıb: “Bu, düzgün, ədalətli addım deyil. Məsələ burasındadır ki, həmin qətnamənin qəbulundan əvvəl - Ermənistan-Türkiyə sərhədlərinin açılması istiqamətində protokollar imzalanan zaman Türkiyə tərəfi qeyd etmişdi ki, bu məsələni birlikdə həll etməliyik. Yəni həm Türkiyədə arxivlər, sənədlər açılsın, həm də Ermənistandan, Rusiyadan, ABŞ-dan, Fransadan mütəxəssislər toplaşsın, böyük komissiya yaradılsın, bu məsələlər öyrənilsin, müəyyən olunsun ki, həqiqət, düzlük haradadır. İndi isə ABŞ-da konqresmenlər bu “soyqırımı” haqqında heç bir həqiqi tarixi məlumatları olmadan bu məsələni gündəmə gətirib, təbliğat xarakterli çıxışlar edərək bunu qəbul etdilər. 21-ci əsrin əvvəllərində çox həssas və mürəkkəb bir şəraitdə yaşayırıq. Bu, dövlətlərə də aiddir. Sanki dünyada bir ədalət böhranı hökm sürür. Bu ədalət böhranı isə beynəlxalq münasibətlərdə müəyyən proseslərə düzgün, ədalətli, haqlı münasibətin olmamasından yaranır. Məsələ burasındadır ki, Türkiyə bu gün sıradan bir ölkə deyil, regionun mühüm dövlətlərindən biridir. Türkiyə 50 ildən artıqdır, ABŞ-ın yanındadır, onun ən mühüm tərəfdaşlarından biridir, NATO-nun ən mühüm üzvlərindəndir, güclü iqtisadiyyatı, güclü ordusu var, demokratik cəmiyyət quran bir dövlətdir, beynəlxalq aləmdə böyük nüfuza malikdir. Nə üçün ona belə münasibət göstərilir? Türkiyəni Ermənistanla tərəzinin gözünə qoyub, özü də onu yüngül təqdim etmək mənə elə gəlir ki, ağıllı, düzgün mövqe deyil. Özü də guya ki, bu addım regionda sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunması üçün atılır. Mənə belə gəlir ki, bu, Türkiyəyə müəyyən təzyiq formasıdır. Nə qədər ki, “Varşava müqaviləsi”, iki qütblü dünya var idi, belə çıxır, o zaman Türkiyə həm Avropaya, həm də Qərbə çox lazım idi. “Varşava müqaviləsi” dağılandan sonra Türkiyəyə qarşı göstərilən bu mövqeni, bu münasibəti başa düşə bilmirəm. Bax, bu, təəssüf doğurur. Bu mövqeni başa düşmək olmur, bu mövqenin ədalətli olması ilə razılaşmaq heç cür mümkün deyil”. “Hadisələrin belə inkişafı Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edə bilərmi” sualına N. Məmmədov “Əlbəttə. Məsələ burasındadır ki, bu gün dünyanın böyük dövlətləri, çox təəssüf ki, dünyada gedən prosesləri öz maraqlarına tabe etmək istəyir. Buna görə də ədalət həmişə pozulur” cavabını verib. Şöbə müdiri ədalət nöqteyi-nəzərindən beynəlxalq münasibətlərdə natarazlığın meydana gəldiyini də qeyd edib: “Axı niyə belə olmalıdır, niyə məsələ bu səviyyəyə gəlib çıxmalıdır? Bu soyqırımı məsələsi Aram Andonyan adlı birinin uydurma, saxta sənədlər əsasında yazdığı kitab üzərində qurulub. Ondan sonra ermənilər bunu dünyaya yayıb, həyata keçirmək istəyirlər. Maraqlıdır, 20-ci əsrin sonunda Cənubi Qafqazda baş verən hadisələr barədə məlumatları olmayan o konqresmenlər 1915-ci ildə baş verən hadisələrdən necə xəbərdar ola bilərlər? Bu da ədalətli mövqenin olmamasından irəli gəlir. Bütün prosesləri öz maraqlarına uyğun aparırlar. Analoji vəziyyəti Azərbaycanla bağlı da müşahidə edirik. Necə ola bilər ki, 20 ildir, qonşu dövlət Azərbaycan ərazilərini işğal edib, Dağlıq Qarabağ ətrafında 7 rayonun 750 min sakinini qaçqın və məcburi köçkünə çevirib, çətin vəziyyətdə yaşamağa məcbur edib, amma bununla bağlı gedən proseslərdə Ermənistana münasibətdə bir dəfə də ədalətli mövqe nümayiş etdirmirlər, göstərmirlər ki, sənin yerin budur. Əksinə, son proseslər göstərir ki, onlar Ermənistanı dəstəkləyirlər. Əlbəttə, bu münasibətdən sonra Ermənistan daha da qanadlanacaq, ilhamlanacaq, münaqişənin həllində əlbəttə ki, ədalətli mövqe nümayiş etdirməyəcək. Belə olarsa, Ermənistanla bağlı indiki vəziyyətdə obyektiv mövqe nümayiş etdirilməzsə, obyektiv münasibət olmazsa, onda münaqişənin həlli daha da uzanacaq”.