O bildirib ki, protokolların Türkiyə parlamentində ratifikasiyasına əsas maneə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin olmamasıdır: “Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən irəliləyiş əldə olunmadan Türkiyə parlamentinin protokolları ratifikasiya etməsi ehtimalı azdır”. Analitikin fikrincə, Xarici Əlaqələr Komitəsindəki səsvermə Türkiyəni narahat etsə də, qətnamə Nümayəndələr Palatasında səsverməyə çıxarılmasa, ABŞ-Türkiyə münasibətlərində ciddi problem yaranmayacaq: “Komitədəki səsvermə yox, bütövlükdə palatadakı səsvermə vacibdir. Bəzi məlumatlara görə, Obama administrasiyası palatanın rəhbərliyi ilə qətnamənin səsverməyə çıxarılmayacağı barədə razılıq əldə edib. Əgər bu məlumatlar doğrudursa, gərginlik azalacaq”. Siyasi elmlər doktoru, Nyu-Yorkda müxtəlif kolleclərdə siyasət, tarix və hüquq elmlərini tədris edən Mark Meirovitz isə hesab edir ki, komitənin qərarı lüzumsuzdur: “Məncə Xarici Əlaqələr Komitəsi tarixi hadisələri dəyərləndirmək üçün uyğun platforma deyil. Düşünürəm ki, erməni soyqırımı qətnaməsi ABŞ-Türkiyə münasibətlərini zədələyəcək. Bu sənədin heç bir əhəmiyyəti yoxdur və qəbul olunmamalıdır. Türkiyə hökuməti sakit olmalı, öz enerjisini Ermənistanla münasibətləri normallaşdırmağa sərf etməli, hadisələri araşdırmaq üçün komissiya yaratmalıdır. Nə qədər ki, Nümayəndələr Palatası qətnaməni qəbul etməyib, zərər məhdud olacaq. Hətta palata qətnaməni qəbul etsəydi belə, bu, tövsiyə xarakterli sənəd olacaqdı”.
“Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin “erməni soyqırımı” ilə bağlı qərarı Türkiyə-Ermənistan protokollarının ratifikasiyasının və Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının sonu deyil”. Bunu APA-nın Vaşinqton müxbirinə açıqlamasında ABŞ-ın nüfuzlu düşüncə mərkəzlərindən biri olan RAND korporasiyasının Avropa təhlükəsizliyi şöbəsinin rəhbəri Stiven Larrabi deyib.