10.09.2009, 12:09
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş atışma ilə əlaqədar münasibət açıqlayıb. Lent.az-ın Türkiyənin “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, XİN-in sözçüsü Burak Özügergin bu mövzuya bağlı sualı cavablandırarkən, “Qafqazda sülh, sabitlik və rifah mühitini təmin etməyə çalışdığımız bu dövrdə bu cür hadisələrin çıxması bizi narahat edir” deyib. XİN rəsmisi hadisə ilə bağlı “ətraflı məlumatlar əldə etməyə çalışdıqlarını” da bildirib.
Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələri bu gün saat 9.23 radələrində Azərbaycanın Ağdam rayonu istiqamətində hücuma keçib.
Hücumun qarşısını alan Azərbaycan əsgərləri ilə ermənilər arasında güclü atışma olub. Düşmənin həmləsinin qarşısı alınıb, atışma nəticəsində 5 erməni əsgəri öldürülüb, 3-ü ağır yaralanıb. Azərbaycan Ordusunun əsgəri, 2008-ci ilin iyul ayında Quba rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan, 1990-cı il təvəllüdlü Yusubov Pərviz Gülbala oğlu isə kürək nahiyəsindən güllə yarası alıb. Onun hərbi hospitala yerləşdirildiyi, vəziyyətinin orta-ağır olduğu bildirilib.
LENT.AZ