11.09.2009, 01:17
Xarici işlər naziri Əhməd Davudoğlu əvvəlcə parlamentin spikeri, sonra isə siyasi partiya liderləri ilə görüşəcək. Ankara İrəvan arasında razılaşmadan 10 gün sonra Türkiyədə siyasi müzakirə prosesi başlayır. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, Xarici işlər naziri Əhməd Davudoğlu “erməni açılımı” ilə əlaqədar ilk müzakirəni bu gün parlamentin spikeri Mehmet Əli Şahinlə keçirəcək. Siyasi partiyaların sədrləri ilə görüşmık istəyən nazir müsbət cavab alarsa, Ermənistanla əldə olunan razılaşma barədə detalları onlara da açıqlayacaq. Əhməd Davudoğu ayın sonunda BMT Baş Assambleyasının toplantısı və Türkiyə Böyük Millət Məclisinin payız sessiyası başlamazdan əvvəl siyasi partiya rəhbərləri ilə görüşləri başa çatdırmağı planlaşdırır. Türkiyə və Ermənistan sentyabrın 1-də əldə etdikləri razılaşmaya görə 6 həftəlik siyasi müzakirə prosesindən sonra razılaşdırmış protokollar imzalanacaq. Daha sonra bu protokollar hər iki ölkənin parlamentlərinə göndəriləcək və təsdiq prosesi başlayacaq.
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında əldə olunan razılaşmaya görə siyasi müzakirə prosesi 6 həftəyə başa çatmalıdır. Yəni 14 oktyabrda keçiriləcək Türkiyə-Ermənistan futbol qarşılaşmasınadək proses başa çatmalıdır. Xarici işlər nazirliyi proseslə bağlı tarix də müəyyənləşdirib. Bu tarixə görə Davudoğlunun hədəfi əldə olunan razılaşmanı bu ayın axırına qədər müxalifətlə müzakirə etməkdir.